İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - “Çinar-Servis” İKF qeydiyyata alınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
““Çinar-Servis” İKF Sənaye Parkının 1,5 hektar ərazisində sıxılmış azot, oksigen, arqon və maye helium qaz məhsullarının istehsalı ilə məşğul olacaq. İnvestisiya həcmi 13.3 milyon manat olan layihə çərçivəsində 70 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur”, - deyə məlumatda bildirilir.
İstehsal olunan məhsulların daxili bazara satılmaqla yanaşı, xarici ölkələrə də ixracı planlaşdırılır.
“Çinar-Servis” İKF Sənaye Parkının 28-ci rezidentidir.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb. Rezidentlər tərəfindən ümumi investisiya qoyuluşu 6,7 milyard manat məbləğində qiymətləndirilir. Artıq 6,3 milyard manat məbləğində investisiya yatırılıb.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri fəaliyyət göstərir.*
B.Rüstəmbəyov