Azərbaycan prezidenti İlham Əliyev və Macarıstanın baş naziri Viktor Orban arasında iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təbrik məktubları mübadiləsi olub.
“Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, nəqliyyat, kənd təsərrüfatı, təhsil və digər sahələrdə fəal əməkdaşlıq mövcuddur. Hesab edirəm ki, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar vardır”, - Əliyevin təbrik məktubunda deyilir.
Dövlət başçısı əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzurun genişmiqyaslı bərpa və yenidənqurma işlərində Macarıstan şirkətlərinin iştirakını görməkdən məmnun olardı.
Prezident vurğulayıb ki, Bakı və Budapeşt beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edirlər.
“Azərbaycan ilə Macarıstan həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edirlər. Macarıstanın Avropa İttifaqı çərçivəsində ölkəmizə göstərdiyi dəstəyi və Türk Dövlətləri Təşkilatı xətti ilə əməkdaşlığımızı yüksək qiymətləndiririk”, - məlumatda qeyd olunur.
Öz növbəsində, Orban təbrik məktubunda Azərbaycan-Macarıstan münasibətlərinin dərinləşdirilməsini dəstəkləyib.
“Sizi əmin edirəm ki, Macarıstan siyasi, iqtisadi, ticarət və mədəni sahələrdə ikitərəfli əlaqələrimizin dərinləşdirilməsinə sadiqdir. Ümumi məqsədlərimizə nail olmaq üçün Siz bundan sonra da hökumətimin dəstəyinə arxalana bilərsiniz. İnanıram ki, enerji sahəsində əməkdaşlığımızın genişləndirilməsi və macar şirkətlərinin Qarabağın yenidən qurulmasında iştirakı ilə bağlı danışıqlar uğurla nəticələnəcək”, - baş nazir qeyd edib. **
E.Şəfiyev