2022-ci ildə Azərbaycandan Avropaya qaz ixracı 10 milyard kubmetri ötəcək. Bu barədə energetika naziri Pərviz Şahbazov bəyan edib.
"İlin sonuna kimi Avropaya qaz tədarükümüzün 10 milyard kubmetrdən çox olacağı gözlənilir", - Şahbazov Twitter hesabında yazıb.
Xəbər verildiyi kimi, 2021-ci ildə Azərbaycan 19,2 milyard kubmetr, o cümlədən Avropaya 8 milyard kubmetrdən çox qaz ixrac edib. Beləliklə, 2022-ci ildə Azərbaycan qazının Avropaya tədarükü təxminən 25% artacaq.
Azərbaycan 2022-ci ilin I rübündə Avropaya 2,6 milyard kubmetr qaz ixrac edib (artım 2,4 dəfə). Ümumilikdə, 2022-ci ilin yanvar-mart aylarında Azərbaycandan 5,9 milyard kubmetrə yaxın qaz ixrac edilib
Hazırda Azərbaycan qazı Cənub Qaz Dəhlizi (CQD) ilə Türkiyə, Gürcüstan və Avropaya ixrac edilir.
Azərbaycan qazının CQD-nin komponenti olan TAP kəməri ilə Avropaya ixracına 2020-ci il dekabrın 31-də başlanılıb.
Bundan başqa, Azərbaycan qazı Türkiyə (TANAP və Cənubi Qafqaz boru kəməri (CQBK) ilə) və Gürcüstana (CQBK və Qazıməmməd-Qazax qaz kəməri ilə) da ixrac edilir. **
N.Abbasova