Azərbaycan Mərkəzi Bank tərəfindən sığorta fəaliyyətində rəqəmsallaşma haqqında qanun layihəsi hazırlayıb, sənəd 2021-ci ilin dekabr ayında ekspertiza üçün Nazirlər Kabinetinə göndərilib.
“Mərkəzi Bank tərəfindən sığorta fəaliyyətində rəqəmsallaşmanın həyata keçirilməsi məqsədilə hazırlanan layihə çərçivəsində işlər davam etdirilmişdir. Yekun qanun layihəsi 30 dekabr 2021-ci il tarixində Nazirlər Kabinetinə göndərilmişdir”, - AMB-nin 2021-ci il ərzində hesabatında qeyd edilir.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, AMB layihə çərçivəsində sığortaçıların elektron informasiya sistemlərinə dair minimum tələbləri ehtiva edən qaydaların təkmilləşdirilməsi istiqamətində işləri davam etdirir.
Bundan əlavə, sığortalıların vahid elektron məlumat bazasının yaradılması məqsədi ilə beynəlxalq təcrübə araşdırılmış və ekspertlərlə görüşlər keçirilmişdir. Hazırda elektron arxitekturanın yaradılması istiqamətində işlər aparılır.
O cümlədən, sığorta sahəsində sığorta hadisələri üzrə zərərlərin ədalətli şəkildə qiymətləndirilməsi, bu sahədə fəaliyyət göstərən müstəqil ekspertlərin peşəkarlıq səviyyəsinin və vətəndaş məmnunluğunun artırılması məqsədilə müstəqil ekspert institutunun yaradılması istiqamətində işlər davam etdirilir. Bu istiqamətdə beynəlxalq ekspertlərin rəy və təklifləri nəzərə alınaraq müvafiq yeni konsepsiya hazırlanıb.
“Yeni konsepsiyadan irəli gələrək sığorta sahəsində fəaliyyət göstərən müstəqil ekspertlərin peşəkarlıq tələblərinə dair tələblərin müəyyən edilməsi istiqamətində qaydalar və qanuna dəyişiklik layihələri hazırlanıb”, - AMB-dən məlumat verilir.
Eyni zamanda, məhkəməyədək mübahisələrin effektiv şəkildə həlli ilə bağlı mexanizminin yaradılması istiqamətində işlər davam etdirilir. Bununla əlaqədar, beynəlxalq təcrübə öyrənilmiş və yeni konsepsiya hazırlanmışdır. Yeni konsepsiyaya uyğun olaraq qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı işlər davam etdirilir.
Bununla yanaşı, AMB məlumat verir ki, sığorta qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində Mərkəzi Bank tərəfindən işlər davam etdirilir. Belə ki, sığorta sektorunda və eyni zamanda əhali arasında geniş əhatəliyə malik olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS)növü üzrə yeni konsepsiya hazırlanıB.
Yeni konsepsiyada beynəlxalq ekspertlərin rəy və təkliflərinə əsaslanaraq həmçinin yerli sığorta bazarının şəraitinə uyğunlaşdırılaraq optimal olan model formalaşdırılıb. “Yeni model istehlakçılara göstərilən xidmət səviyyəsinin artmasına və müvafiq sığorta növü üzrə risklərin daha ədalətli qiymətləndirilməsi prosessinə töhfə verəcək. Qeyd olunan konsepsiyaya uyğun olaraq, qanunvericiliyə dəyişiklik layihəsi hazırlanıb”, - AMB-dən vurğulanıb.
Bundan başqa, daşınmaz əmlakın icbari sığortası növü üzrə mexanizmin təkmilləşdirilməsi məqsədilə yeni konsepsiya hazırlanıb. AMB-dən bildirilir ki, yeni konsepsiyanın beynəlxalq ekspertlərlə müzakirəsi davam etdirilir.
AMB-nin məlumatına görə, 2021-ci ilin sonuna Azərbaycanda 20 sığorta şirkəti, 1 təkrarsığorta şirkəti, 28 sığorta brokeri və 370 sığorta agenti fəaliyyət lisenziyasına malik olub. **
X.Nəsirzadə