Cümə axşamı energetika naziri Pərviz Şahbazov Sofiyada rumıniyalı həmkarı Virgil Daniel Popesku ilə danışıqlar aparıb, “yaşıl enerji”nin Rumıniyaya ixracı imkanlarını müzakirə edib.
“Görüş “Cənub-Şərqi Avropada Enerji Keçidi: Enerji təhlükəsizliyi, diversifikasiyası və yaşıl enerjiyə keçid üzrə regional əməkdaşlıq” tədbiri çərçivəsində baş tutub. Tərəflər “yaşıl enerji” sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər”, - Azərbaycan Energetika Nazirliyi məlumat verib.
Məlumata görə, görüşdə Xəzər dənizinin Azərbaycana məxsus hissəsində mövcud olan nəhəng külək resursu hesabına “yaşıl enerji”nin istehsalı və Rumıniyaya ixracı perspektivləri müzakirə edilib.
“Gürcüstan və Qara dənizdən keçməklə sualtı elektrik kabeli vasitəsilə ötürülməsi nəzərdə tutulan enerji həcmlərinə dair fikir mübadiləsi aparılıb. Layihənin region ilə Avropa bazarı arasında elektrik enerjisinin ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyəti nəzərə alınmaqla, müzakirələrin intensivləşdirilməsi üçün qısa zamanda maraqlı tərəflər arasında üçtərəfli onlayn işçi görüşün keçirilməsi razılaşdırılıb”, - məlumatda deyilir.
Bildirilir ki, görüş zamanı ikitərəfli enerji əməkdaşlığının inkişafına dair bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. **
N.Abbasova