Mayın 5-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzvləri ilə görüşüb.
Nəzərli qeyd edib ki, görüşün əsas məqsədi bank sektorunda qarşıya çıxan praktiki məsələlərin daha ətraflı müzakirəsi, vergi qanunvericiliyi və inzibatçılığının formalaşdırılması istiqamətində birgə əməkdaşlıq etməkdir.
Xüsusilə, görüş zamanı bank sektoru qarşısında duran bir sıra məsələlər, o cümlədən problemli kreditlər üzrə bankların balansına keçən əmlak və torpaq sahələrinin vergiyə cəlb olunması, DVX və banklar arasında hesabların açılması üzrə məlumat mübadiləsinin sadələşdirilməsi, borclu vergi ödəyicilərinin bank hesablarına sərəncamların tətbiqi, vergi qanunvericiliyində bank sektoru üçün sanksiyalar, mikrosahibkarların kreditləşdirilməsi prosesi, beynəlxalq vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması zamanı tətbiq olunan prosedurlar müzakirə edilib.
Tərəflər qeyd ediblər ki, DVX ilə yanaşı, bank sektoru da vergi ödəyicilərinin şəffaf fəaliyyətində, dövriyyələrin “ağardılması”nda maraqlıdır və bu prosesdə dövlət-özəl sektor əməkdaşlığı yüksək qiymətləndirilir.
Görüşün yekunlarına dair geniş və detallı müzakirəsi tələb olunan məsələlər barədə isə qurumlar arasında işçi qrupun yaradılması qərara alınıb. **
X.Nəsirzadə