Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (OIV) baş direktoru Pablo Roka Blasko ilə görüşüb. Bu barədə AQTA-dan məlumat verilib.
Görüşdə Təhməzli qonağın diqqətinə çatdırıb ki, uzun müddət Ermənistan tərəfindən Azərbaycanın işğal altında saxlanılmış ərazilərində şərab və digər məhsullar istehsal edilərək, mənşə ölkəsi Ermənistan göstərilməklə saxtalaşdırmaya yol verilib və həmin məhsulların Avropa İttifaqı (Aİ) ölkələrinə ixracı həyata keçirilib.
Öz növbəsində, Blasko Azərbaycan ərazilərində qanunsuz olaraq, Ermənistan adı altında şərab və digər məhsulların istehsalı, Aİ ölkələrinə satışı və ixracı ilə bağlı rəhbərlik etdiyi təşkilata rəsmi məlumatların təqdim olunmasını xahiş edib və saxtalaşdırma və qanunsuz satış halları ilə əlaqədar aidiyyəti beynəlxalq, regional qurum və təşkilatlarla danışıqlar aparılacağını qeyd edib.
Daha sonra əməkdaşlıqda növbəti mərhələlər üzrə prioritet kəsb edən digər məsələlər müzakirə edilib. “Şərab normalarının hazırlanması sahəsində mümkün əməkdaşlığın həyata keçirilməsi, mütəxəssislərin bilik və bacarıqlarının artırılması üzrə təlim və seminarların təşkili, şərabçılıq məhsullarının laboratoriya analizlərinə cəlb olunması ilə bağlı təcrübə mübadiləsi istiqamətində fikir mübadiləsi aparılıb.OIV rəhbərliyi tərəfindən müsbət yanaşılan bir çox məsələlərlə bağlı, o cümlədən Agentlik əməkdaşlarının standartların hazırlanmasında iştirakı, sınaq metodlarının hazırlanması üzrə Təşkilatın komissiyasında təmsil olunması, elektron sertifikat platformasına Azərbaycanın qoşulması və s. üzrə müvafiq qərarlar qəbul olunub”, - məlumatda deyilir. **