Prezident İlham Əliyev mayın 7-də “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 mart tarixli Sərəncamı ilə təsdiq edilib.
Sənədin mətni dövlət başçısının saytında dərc olunub.
Dəyişikliklərə əsasən, ölkədə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının geoloji quruluşu (stratiqrafiya, tektonika, maqmatizm, hidrogeologiya) və faydalı qazıntıları üzrə toplu məlumatlar bazası yaradılacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və AMEA 2022-2024-cü illərdə müvafiq bazanın yaradılmasını təmin etməlidir.
Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2021-2023-cü illərdə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərinin aerokosmik fotoşəkillərinin alınması və təhlilini təmin etməlidir.
Sənəddə qeyd olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 2021-2024-cü illərdə Füzuli, Cəbrayıl və Ağdam rayonları ərazisinin geoekoloji, geokimyəvi və radiasiya şəraitinin öyrənilməsini təmin etmək tapşırılıb.*
R.Kərimov