“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Container” MMC ilə “Avstriya Federal Dəmir Yolları” SC-nin (ÖBB) törəmə şirkəti “Rail Cargo” arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bu barədə bu gün ADY-dən məlumat verilib.
Sənəd “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyətinin Avstriyaya işgüzar səfəri çərçivəsində imzalanıb.
Əldə olunmuş razılaşmaya əsasən, tərəflər Avropadan Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən keçməklə multimodal dəmir yolu yükdaşımaları, həmçinin yüklərin Rumıniyanın Konstanta limanından Gürcüstanın Poti limanına, daha sonra Orta Asiya və Çin istiqamətində fasiləsiz və sürətli çatdırılmasını təmin etmək üçün birgə çalışacaqlar.
“Bu kontekstdə “ADY Container” şirkəti, həmçinin Gürcüstanın “GR Logistics” və “KTZ Express” şirkətləri ilə birgə, ASCO-nun dəstəyi ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Poti-Konstanta limanları arasında fəaliyyət göstərəcək fider gəmisi ilə konteynerlərlə yükdaşımalar həyata keçirməyə başlayır”, - deyə məlumatda bildirilir.
“Şair Vaqif” gəmisi ayda 10 gün olmaqla ay ərzində üç dəfə olmaqla qeyd olunan limanlar arasında reys həyata keçirəcək. Hər reysdə gəmi vasitəsilə ilə iki blok qatar daşınacaq.
Səfər çərçivəsində C.Qurbanov “Avstriya Federal Dəmir Yolları” SC-nin sədri Andreas Matte ilə görüşüb. Tərəflər iki ölkə arasında iqtisadi əlaqələrin və ticarət dövriyyəsinin artırılmasında dəmir yolu ilə multimodal yükdaşımaların rolunu xüsusi qeyd ediblər.
Məlumata görə, görüşdə əsasən regionda yaranmış vəziyyət fonunda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanlarından daha səmərəli istifadə üzrə birgə səylərin artırılması, Çin-Avropa-Çin və Orta Asiya-Avropa-Orta Asiya istiqamətində multimodal dəmir yolu yükdaşımalarının həcminin artırılması məsələləri müzakirə edilib.
Qeyd olunan istiqamətlərdə birgə fəaliyyətlər və tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi “Azərbaycan Dəmir Yolları” QSC nümayəndələrinin Avropanın aparıcı yükdaşıma şirkətləri olan “Rail Cargo”, “Metrans” və “Bahnoperator” nümayəndələri ilə ayrı-ayrılıqda keçirilən ikitərəfli görüşlərdə də diqqət mərkəzində olub.*
R.Kərimov