Energetika naziri Pərviz Şahbazov bu gün bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Caber ilə bərpa olunan enerji sahəsində yeni investisiya layihələrini müzakirə edib.
“BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, Əbu-Dabi Milli Neft Şirkətinin idarəedici direktoru Sultan Əhməd Əl Caber ilə bərpa olunan enerji üzrə yeni investisiya layihələrinə dair səmərəli müzakirələr apardıq”, - deyə nazir Twitter hesabında yazıb.
Energetika Nazirliyindən bildiriblər ki, Əbu-Dabidə “Ümumdünya Kommunal Xidmətlər Konqresi” çərçivəsində keçirilən görüşdə bu ilin mart ayında təməli qoyulan Qaradağ Günəş Elektrik Stansiyasının icrası, Qarabağ bölgəsində, həmçinin Xəzər dənizində, o cümlədən sahilə yaxın adalarda külək və günəş enerjisi layihələri, “yaşıl” hidrogen və enerji səmərəliliyi üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.
“Masdar”ın Azərbaycanda irihəcmli külək və günəş enerjisi üzrə investisiya layihələrində iştirakda maraqlı olduğu bildirilib.
Söhbət zamanı “yaşıl” investisiya imkanları ətrafında fikir mübadiləsi aparılıb.
P.Şahbazov Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazroueinin dəvəti ilə 9-11 may tarixlərində Əbu-Dabi şəhərində keçiriləcək “Ümumdünya Kommunal Xidmətlər Konqresi”ndə iştirak etmək məqsədilə bu ölkəyə səfər edib.
Səfər çərçivəsində nazirin Konqresin Strateji Konfransında panel müzakirələrində çıxışı, enerji və su təchizatının idarə edilməsi, bu sahələrdə innovativ məhsullar və yeni texnologiyaları nümayiş etdirən müxtəlif sərgilərdə iştirakı, həmçinin bir sıra görüşləri nəzərdə tutulur.*
R.Kərimov