Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2022-ci ildə Azərbaycanda ÜDM-in artımını 4,5% səviyyəsində proqnozlaşdırır. Bu barədə bankın “Regional İqtisadi Perspektivlər” (Regional Economic Prospects) icmalının may sayında deyilir.
2022-ci ilin mart ayında bank cari il üçün Azərbaycanda ÜDM-in artımını 5% səviyyəsində proqnozlaşdırmışdı.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, AYİB 2023-cü il üçün ÜDM-in artım proqnozunu 2,5% səviyyəsində saxlayıb.
“2021-ci ildə Azərbaycan iqtisadiyyatının bərpası qeyri-neft sektoru (artım 7,2%) ilə bağlı olub. Qeyri-neft sektorunda artımın drayverləri xidmət və sənaye istehsalı olub. Bütövlükdə, ötən il ölkədə ÜDM 5,6% artaraq gözləntiləri üstələyib”, - deyə icmalda qeyd olunur.
AYİB-in qiymətləndirmələrinə görə, birinci rübdə Azərbaycanda ÜDM 6,8%-ə qədər artıb.
Bank qeyd edir ki, ərzaq qiymətlərinin bahalaşması ölkədə inflyasiyanı 2022-ci ilin mart ayının sonuna 12,2%-dək sürətləndirib.
“Enerji daşıyıcılarının qiymətinin bahalaşması Azərbaycanda iqtisadi artımı ən azı qısamüddətli perspektivdə dəstəkləyəcək. Bu, həm də ölkənin ixrac gəlirlərinin artmasına da təsir göstərəcək, Rusiya və Ukraynaya ixrac isə azala bilər. Beləliklə, 2022-ci ildə ÜDM-in artımı 4,5%, gələn il 2,5% səviyyəsində gözlənilir. Ortamüddətli perspektivdə yüksək inflyasiya və sabit məzənnənin qeyri-neft sektorunun rəqabət qabiliyyətinin itirilməsinə səbəb ola bilməsi riski qalmaqdadır, buna görə də iqtisadiyyatın şaxələndirilməsini dəstəkləmək vacibdir”, - deyə bankda hesab edirlər.
AYİB vurğulayır ki, Azərbaycan Şərqi Avropa və Qafqaz regionunda yeganə ölkədir ki, enerji sektorunda mövcud vəziyyətdən qısamüddətli perspektivdə faydalanacaq, çünki iri neft ixracatçısı və Rusiya qazının Avropaya nəqli üçün potensial alternativlərdən biridir.
Bank, həmçinin qeyd edir ki, Azərbaycan hökuməti un məhsullarının qiymətinin artımına imkan verməmək məqsədilə iri taxıl idxalçılarına subsidiyalaşdırılmış kreditlər verib.
Azərbaycan hökuməti 2022-ci ildə ÜDM-in 3,9% artacağını proqnozlaşdırır.
2021-ci ildə Azərbaycanda ÜDM-in artımı 5,6% səviyyəsində olub.*
R.Əhmədov