“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC 2022-ci ildə təxminən 1,5 milyon hektar sahədə meliorasiya işləri aparmağı planlaşırır.
“2022-ci ildə SC meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi, yenidənqurulması işlərinin davam etdirilməsi üzrə təkliflərini aidiyyəti qurumlara təqdim edib. Cari ildə təxminən 1 milyon 450 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarılması nəzərdə tutulur”, - deyə Cəmiyyətdən “İnterfaks-Azərbaycan” agentliyinə bildiriblər.
Su ehtiyatlarının dəqiq uçotunun aparılması məqsədilə əsas suvarma kanallarında 18 ədəd müasir tipli suölçmə qurğuları quraşdırılıb və cari ildə daha 150 ədəd bu tipli qurğuların quraşdırılması işlərinə başlanılıb. Eyni zamanda, 694 ədəd subartezian quyusunda avtomatlaşdırılmış idarəetmə sistemi (SCADA) quraşdırılıb, 185 quyuda isə bu işlər davam etdirilir.
“Hazırda cəmiyyət üzrə mərkəzləşdirilmiş elektron uçot sisteminin, meliorasiya və su təsərrüfatı obyektlərinin elektron məlumat bazasının, insan resursları, maliyyə-mühasibat uçotunda vahid elektron uçot bazasının yaradılması və elektron sənəd dövriyyəsinin təşkili istiqamətində işlər aparılır”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev