Bakı və İrəvan Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın tərkibini razılaşdırıb. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Komissiyanın aprel ayının sonuna qədər ilk iclasının keçirilməsi planlaşdırılırdı. Bundan sonra mənim Ermənistanın xarici işlər naziri ilə iki dəfə telefon danışığım olub. Telefon danışıqları zamanı biz komissiyanın tərkibi ilə bağlı təkliflərimizi vermişik”, - deyə o, bu gün jurnalistlərə açıqlamasında bildirib.
XİN başçısı vurğulayıb ki, Azərbaycan tərəfi İrəvana komissiyanı daha yüksək səviyyədə təşkil etməyi təklif edib. “Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesinin digər qonşu ölkələrlə delimitasiya prosesindən bir sıra xüsusiyyətlərini, fərqləri nəzərə alaraq bizim təklifimiz ondan ibarət olmuşdur ki, komissiya fərqli bir formatda təşkil edilməlidir, ona daha yüksək səviyyədə rəhbərlik olunmalıdır. Azərbaycan tərəfinin təklifi Azərbaycan tərəfindən komissiyaya rəhbərlik edən şəxsin baş nazirin müavini səviyyəsində olması idi. Ermənistan tərəfi təklifimizi qəbul edib. Komissiyanın tərkibi barədə tərəflərin razılığı mövcuddur. Ancaq qeyd etdiyimiz kimi, hələ ki, ilk iclas keçirilməyib. Biz iclasın keçirilməsinə hazırıq”, - deyə C.Bayramov əlavə edib.*
E.Şəfiyev