Xarici işlər naziri Ceyhun Bayramov hesab edir ki, Ermənistan müxalifəti Qarabağ mövzusunu yenidən gündəmə gətirməklə aktuallığını qorumaq istəyir.
“Onlar Qarabağ mövzusunu yenidən gündəmə gətirməklə aktuallıqlarını qorumaq istəyirlər. Biz baş verən prosesləri izləyirik. Həmin qüvvələrə ictimai dəstəkdən söhbət gedə bilməz. Artıq xalq onların yalan vədlərinə inanmır. Etiraz aksiyalarını təşkil edən şəxslər məlumdur. Onlar uzun illər ərzində erməni xalqına yalan vədlər verən və ölkəni hazırkı uçurum vəziyyətinə gətirən şəxslərdir”, - deyə nazir bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Bakı və İrəvan münasibətlərin normallaşması ilə bağlı öz aralarında razılığa gəlməlidir. “Mən bir neçə dəfə Ermənistan xarici işlər naziri ilə telefonla danışmışdım. Bizim sülh müqaviləsi və ümumiyyətlə, regionda sabitlik üçün vacib olan elementlərlə bağlı mövqeyimiz ondan ibarətdir ki, əsas tərəflər Azərbaycan və Ermənistandır və kimsə bizim əvəzimizə müqavilə imzalamayacaq”, - deyə C.Bayramov əlavə edib.
O vurğulayıb ki, İrəvan sülh danışıqları təşkil etmək istəyir və bu məsələ ilə bağlı ATƏT-in Minsk qrupuna müraciət edib. “Bu, o zaman baş verir ki, Ukrayna hadisələri fonunda Minsk qrupunun həmsədrləri arasında heç bir əlaqə mövcud deyil və bu qrup iflic vəziyyətdədir. Azərbaycanın mövqeyi hamıya məlumdur – biz danışıqları təklif etdiyimiz 5 baza prinsipi əsasında davam etdirməyə və sülh sazişi üzərində işləməyə hazırıq”, - deyə XİN başçısı qeyd edib.*
E.Şəfiyev