Xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması ilə bağlı Azərbaycana təklif etdiyi 6 bəndi şərh edib.
“Azərbaycan tərəfi hələ fevral ayında Ermənistana sülh müqaviləsinin təməl prinsiplərini təqdim edib. Ermənistan tərəfi isə həmin baza prinsiplərində onlar üçün qəbulolunmaz heç nəyin olmadığını bildirib. Daha sonra Ermənistan tərəfindən Azərbaycanın 5 təklifinə 6 təklifin verilməsi xəbərləri yayılmışdı. Lakin sənədə baxdıqda buna təklif demək olmaz. Həmin sənəd təqdim olunan zaman Ermənistan tərəfi bunu Azərbaycanın təkliflərinə reaksiya kimi bildirmişdi”, - deyə nazir bu gün jurnalistlərə açıqlamasında bildirib.
“Həmin bəndlər, məsələn, ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması, üçtərəfli razılaşmaların icrasının vacibliyi, Azərbaycanın sülh müqaviləsi ilə bağlı təklifləri təqdim etmə mexanizmi, danışıqların aparılması mexanizmindən ibarətdir. Bu, 6 bənddən 4-dür. Bunları nə dərəcədə təklif adlandırmaq olar? Ermənistan tərəfi də bunu Azərbaycanın təkliflərinə reaksiya adlandırıb”, - deyə C.Bayramov vurğulayıb.*
R.Əhmədov