2021-ci ildə Azərbaycanın sığorta və təkrarsığorta şirkətlərinin işlərin aparılması ilə bağlı xərcləri 197 milyon 621,4 min manat təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 1,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə sığorta bazarındakı mənbə məlumat verib.
Xərclərin 27,5%-i – 54 milyon 327,5 min manat (artım 2,4%) agentlərə komissiya haqqı ödənişlərinin payına düşüb.
67 milyon 747,2 min manat (artım 17,4%) və ya xərclərin 34,3%-i əmək haqlarının ödənilməsinə yönəldilib. Şirkətlərin əməliyyat xərcləri 9 milyon 565,6 min manat (azalma 42,2%), sosial ayırmalar 10 milyon 924 min manat (artım 13,8%), icarə ödənişləri 6 milyon 429,9 min manat (artım 4,3%) təşkil edib.
Bundan başqa, sığorta sektoru reklama 4 milyon 555,7 min manat (+37,3%) yönəldib.
2020-ci ildə Azərbaycanın sığorta və təkrarsığorta şirkətləri agentlərə komissiya haqqı ödənişlərinə 53,072 milyon manat yönəldib (2019-cu illə müqayisədə azalma 14,4%). 2020-ci ildə sığorta və təkrarsığorta şirkətlərinin xərclərinin 27,3%-i agentlərə komissiya haqqı ödənişlərinin payına düşüb.*
X.Nəsirzadə