İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - “AK PACK” MMC qeydiyyata alınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“AK PACK” MMC Sənaye Parkının ərazisində yumşaq polimer qablaşdırma məhsulları istehsalı müəssisəsi inşa edəcək.
İnvestisiya həcmi 7 milyon manatdan çox olan layihə çərçivəsində 35 nəfər daimi işlə təmin ediləcək.
İstehsal olunan məhsulların daxili bazara satılmaqla yanaşı, xarici ölkələrə də ixracı nəzərdə tutulur.
“AK Pack” MMC Sumqayıt Kimya Sənaye Parkının 29-cu rezidentidir.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb. Rezidentlər tərəfindən ümumi investisiya qoyuluşu 6,7 milyard manat məbləğində qiymətləndirilir. Artıq 6,3 milyard manat məbləğində investisiya yatırılıb.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri fəaliyyət göstərir.*
B.Rüstəmbəyov