İsveçrə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına dəstək verməyə hazırdır. Bunu İsveçrə Konfederasiyası Parlamenti Milli Şurasının sədri İren Kalin deyib.
“İsveçrə hər zaman Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsində maraqlıdır və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. İsveçrə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına dəstək verməyə hazırdır”, - deyə o, bu gün Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə bildirib.
Xəbər verildiyi kimi, mayın 9-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasına rəsmi səfərə gəlib.
Səfər çərçivəsində parlamentin spikerinin İsveçrənin vitse-prezidenti, İsveçrə Parlamenti Milli Şurasının sədri, Parlamentin Kantonlar Şurasının sədri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Burada keçiriləcək görüşlərdə parlamentlərarası əlaqələrimizin bugünü və gələcək inkişaf perspektivləri, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın genişləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.
Səfər mayın 11-də başa çatacaq.*
B.Rüstəmbəyov