Azərbaycan Xarici İşlər Nazirliyi ilə Argentina Xarici İşlər, Beynəlxalq ticarət və İbadət üzrə Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
“İnterfaks-Azərbaycan” agentliyi Argentina XİN-ə istinadən məlumat verir ki, məsləhətləşmələr Buenos-Ayres şəhərində keçirilib.
Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Argentina nümayəndə heyətinə - bu ölkənin xarici işlər nazirinin müavini Pablo Tettamanti rəhbərlik edib.
“Görüş zamanı Məmmədov və Tettamanti İNVAP və “Azərkosmos” arasında mövcud təmaslar əsasında peyk rabitəsi və nüvə enerjisi sahsində əməkdaşlıq, ASK məhsullarının ticarətinin artırılması məqsədilə imkanların təhlilinə yönəlik ikitərəfli əməkdaşlığın müxtəlif aspektlərini nəzərdən keçiriblər”, - məlumatda deyilir.
Tərəflər, həmçinin Latın Amerikası, Cənubi Qafqazda vəziyyəti, Ukrayna ətrafında hadisələri və Azərbaycanın Qoşulmama Hərəkatında hazırki sədrliyinin daha vacib aspektlərini müzakirə ediblər.
Öz növbəsində, Azərbaycan XİN məlumat verir ki, Məmmədov həmçinin, Argentinanın xarici işlər, beynəlxalq ticarət və ibadət üzrə naziri Santyaqo Kafiyero ilə görüşüb.
“Görüş zamanı dövlətlərarası münasibətlərin səviyyəsi yüksək qiymətləndirilib, ölkələr arasında aparılan siyasi dialoqun əhəmiyyəti qeyd olunub. Müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, nəqliyyat, energetika və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar müzakirə edilib”, - Azərbaycan XİN-dən vurğulanır. **
E.Şəfiyev