Azərbaycanın Kosmik Agentliyi “Azərkosmos” və Qazaxıstanın “Qarış Saparı” şirkəti kosmik sahədə birgə layihələrin reallaşdırılmasına dair razılığa gəliblər.
“Azərkosmos”un nümayəndə heyəti 10-11 may tarixlərində Daşkənd şəhərində keçirilən “Kosmik texnologiyalar konfransı”na qatılıb. Konfrans çərçivəsində “Azərkosmos” və Qazaxıstanın “Qarış Saparı” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Beləliklə, Azərbaycan və Qazaxıstan arasında kosmik sahədə birgə layihələrin təşkil olunması və peyk resurslarının qarşılıqlı istifadəsinə dair razılıq əldə olunub”, - “Azərkosmos”un məlumatında qeyd olunur.
Agentliyin məlumatəna görə, konfrans sürətlə böyüyən qlobal kosmik sənayenin imkanları, peyklər və onların tətbiq sahələri, kosmik sahədə innovasiyalar və bu sahəyə qoyulan investisiyalara həsr olunub.
Qazaxıstanın “Qarış Saparı” şirkəti 2005-ci ildə Qazaxıstan Respublikasının dövlət sərəncamına əsasən kosmik sahənin inkişaf etdirilməsi, kosmik əməliyyatların aparılması məqsədilə yaradılıb. Eyni zamanda, kosmik layihələr üçün texniki avadanlıqların istehsalı, orbitə buraxılması və bu kimi texnoloji proseslərin həyata keçirilməsi şirkətin fəaliyyət sahəsinə aiddir.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.**
N.Abbasova