Çərşənbə axşamı Azərbaycan Xarici İşlər Nazirliyi ilə Paraqvay Xarici İşlər Nazirliyi arasında ilk dəfə olaraq siyasi məsləhətləşmələr keçirilib. Bu barədə çərşənbə günü Azərbaycan XİN-dən məlumat verilib.
“10 may 2022-ci il tarixində Paraqvayın paytaxtı Asunsyon şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Paraqvay Respublikasının Xarici İşlər Nazirliyi arasında ilk dəfə olaraq siyasi məsləhətləşmələr keçirilib”, - XİN-in saytında qeyd olunur.
Nazirlikdən qeyd olunub ki, Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Paraqvay tərəfindən isə bu ölkənin xarici işlər nazirinin müavini Raul Rikyardi rəhbərlik etdiyi nümayəndə heyətləri siyasi məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, habelə siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
XİN-dən əlavə ediblər ki, bununla yanaşı, tərəflər regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivlərinin inkişafına dair fikir mübadiləsi aparıblar. **
R.Kərimov