Azərbaycan 2022-ci ilin yanvar-aprel aylarında 7,6 milyard kubmetr qaz ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 17,4% çoxdur. Bunu energetika naziri Pərviz Şahbazov Twitter hesabında yazıb.
“Bu ilin 4 ayında 7,6 milyard kubmetr Azərbaycan qazı ixrac edilib ki, bunun da 46%-i və ya 3,5 milyard kubmetri Avropaya göndərilib”, - deyə o bildirib.
Nazir qeyd edib ki, hesabat dövründə ixracın strukturunda 38% və ya 2,9 milyard kubmetr Türkiyənin, 16% və ya 1,2 milyard kubmetr Gürcüstanın payına düşüb.
Daha əvvəl P.Şahbazova istinadən verilən məlumata görə, 2022-ci ildə Avropaya 10 milyard kubmetrdən çox Azərbaycan qazı ixrac olunacaq.
2021-ci ildə Azərbaycan 19,2 milyard kubmetr qaz ixrac edib. 2020-ci il dekabrın 31-dən 2021-ci il dekabrın 31-dək TAP-la Avropaya 8,2 milyard kubmetrə yaxın qaz ixrac edilib.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana ixracına 2020-ci il dekabrın 31-də başlanılıb.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin sonuncu komponentidir.
Qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Avropaya nəqli üçün nəzərdə tutulub.
Layihənin səhmdarları SOCAR (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir. Layihənin dəyəri 4,5 milyard avrodur. TAP-ın təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanda keçirilib.*
N.Abbasova