Ermənistan tərəfindən mina xəritələrinin təqdim edilməsini humanitar jest kimi qələmə vermək yanlışdır, çünki bu, üçtərəfli Bəyanatın imzalanmasından sonra Ermənistanın beynəlxalq humanitar hüquq öhdəliyi idi. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
“Birinci növbədə, xatırladırıq ki, Azərbaycan öz ərazilərini işğaldan azad edib bu ərazilərdəki mina problemini, o cümlədən həm 30 ilə yaxın davam edən işğal müddətində sistematik şəkildə, həm də üçtərəfli Bəyanat imzalandıqdan sonra əraziləri tərk edərkən Ermənistan tərəfinin məqsədyönlü şəkildə minaları basdırdığını, minaların bölgədə insan həyatına ciddi təhdid doğurduğunu və beləliklə də mina xəritələrinin Azərbaycana təqdim edilməsi üçün Ermənistana təzyiq edilməsi məsələsini dünya ictimaiyyətinin diqqətinə çatdırdığı zaman, əvvəlcə Ermənistan tərəfi, ümumiyyətlə, mina xəritələrinin mövcudluğunu inkar edirdi. Daha sonra isə beynəlxalq ictimaiyyətin bu məsələdə mövqeyi ilə üzləşən Ermənistan mina xəritələrini hissə-hissə Azərbaycana təqdim etdi və verilən xəritələrin dəqiqliyi isə 25 faiz təşkil edib. Ümumiyyətlə, Ermənistan tərəfindən mina xəritələrinin təqdim edilməsini humanitar jest kimi qələmə vermək yanlışdır, çünki bu, üçtərəfli Bəyanatın imzalanmasından sonra Ermənistanın beynəlxalq humanitar hüquq öhdəliyi idi”, - deyə XİN sözçüsü bildirib.
Onun sözlərinə görə, üçtərəfli Bəyanat imzalandıqdan bu günədək əksəriyyəti mülki şəxs olmaqla, 219 nəfər mina qurbanı olub.
“Əfsuslar olsun ki, vətəndaşlarımız mütəmadi olaraq, o cümlədən Ermənistan tərəfinin xəritələri təqdim etməsindən, habelə iki dövlət liderinin Brüssel görüşündən sonra da mina qurbanına çevrilirlər. Bu ilin yalnız aprel ayında baş vermiş 9 hadisə nəticəsində 10 nəfər minalardan xəsarət alıb”, - deyə L.Abdullayeva əlavə edib.*
E.Şəfiyev