Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası Qaradağ Günəş Elektrik Stansiyasının tikintisi və istismarı üçün $51 milyon məbləğində kreditin ayrılmasını təsdiqləyib.
“İnterfaks-Azərbaycan” agentliyinin daha əvvəl verdiyi xəbərə görə, Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi 2022-ci il martın 15-də keçirilib.
Bankın saytında verilən məlumata görə, kredit üzrə borcalan qismində layihənin həyata keçirilməsi məqsədilə Azərbaycanda yaradılmış “Masdar Azerbaijan Energy Limited Liability Company” çıxış edəcək. Stansiyanın tikintisi “Madar” şirkətinin (BƏƏ) investisiyaları hesabına həyata keçiriləcək.
Layihənin ümumi dəyəri $250 milyon təşkil edir.
230 MVt gücündə stansiyanın 2023-cü ilin sonunda işə salınması planlaşdırılır.
“Layihənin həyata keçirilməsi 110 min mənzili elektrik enerjisi ilə təmin etməyə, ildə 110 milyon kubmetr qaza qənaət etməyə və 200 min ton karbon qazı emissiyasının qarşısını almağa imkan verəcək. Bu layihə Azərbaycana istilik enerjisinin istehsalından asılılığı azaltmağa, bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi ilə bağlı hədəflərə çatmağa kömək edəcək”, - deyə məlumatda bildirilir.
Layihənin həyata keçirilməsi nəticəsində Azərbaycanın enerji sistemində bərpa olunan enerjinin müəyyən edilmiş gücünün xüsusi çəkisi 16,5%-dən 21,2%-ə çatacaq.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB bu günədək respublikada 181 layihənin maliyyələşdirilməsinə 3,39 milyard avro vəsait ayırıb. Hazırda bankın respublika üzrə aktiv portfelinə 33 layihə daxildir və onların həyata keçirilməsinə 823 milyon avro ayrılıb (2022-ci il martın 31-nə olan vəziyyətə görə).*
R.Əhmədov