2022-ci ilin yanvar-aprel aylarında Azərbaycandan 9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub ki, bu da 2021-ci ilin müvafiq dövrünə nisbətən 5,3% azdır. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
“Bunun 8,5 milyon tona yaxını “Azəri-Çıraq-Günəşli” neftinin və “Şahdəniz” kondensatının, 448 min tonu isə SOCAR-ın payına düşür”, - deyə məlumatda bildirilir.
2022-ci ilin yanvar-aprel ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 11,1 milyon ton neft (kondensatla birlikdə, azalma 3,6%) hasil edilib. Respublika üzrə neft hasilatının 7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,5 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,6 milyon ton təşkil edib.
Ölkədə neftin emalı 2022-ci ilin yanvar-aprel aylarında 1,8 milyon ton (azalma 10,5%) təşkil edib.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 may 2022-ci il tarixinədək 589 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 553 milyon ton neft, “Şahdəniz”dən isə 36 milyon ton kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2022-ci ilin 1 may tarixinədək 589 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
AÇG blokundan neft və səmt qazı hasilatına 1997-ci ilin noyabr ayında başlanılıb. Müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator, 29,99%), SOCAR (21,02%), LUKOIL (19,99%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.*
N.Abbasova