2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 15,7 milyard kubmetr təbii qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“Qazın 4,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) blokundan, 8,5 milyard kubmetri “Şahdəniz”dən, 2,6 milyard kubmetri SOCAR üzrə hasil olunub.
Hesabat dövründə xaricə qaz satışı 7,6 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,4% çoxdur. Cari ilin yanvar-aprel aylarında Türkiyəyə 2,9 milyard kubmetr, Avropaya 3,5 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz satılıb.
Bu dövrdə BTC boru kəməri sisteminə 36 milyon kubmetr qaz verilib. Türkiyəyə TANAP-la bu müddətdə 2 milyard kubmetrə yaxın qaz nəql olunub.
Yataqlar istismara veriləndən cari ilin 1 may tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 195 milyard kubmetrə yaxın, “Şahdəniz”dən isə 166 milyard kubmetrdən çox qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 114 milyard kubmetrdən çox həcmi ixraca nəql edilib.
AÇG blokundan neft və səmt qazı hasilatına 1997-ci ilin noyabr ayında başlanılıb. Müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator, 29,99%), SOCAR (21,02%), LUKOIL (19,99%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.
2021-ci ildə Azərbaycan 19 milyard kubmetrdən çox qaz ixrac edib. Avropaya ixracın həcmi 8,2 milyard kubmetr təşkil edib.*
N.Abbasova