Mayın 12-də MDB Xarici İşlər Nazirləri Şurasının Düşənbə şəhərində keçirilən iclasında iştirakı çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Tacikistan Respublikası xarici işlər naziri Sirociddin Muhriddin ilə görüşüb.
“Nazirlər, bu yaxınlarda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd ediləcəyi, XİN-lərarası məsləhətləşmələrin davam etdirilməsi, habelə iqtisadi-ticarət sahəsində əlaqələrin inkişafı perspektivləri, o cümlədən Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - deyə Azərbaycan XİN-in məlumatında bildirilir.
Görüşdə, həmçinin iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığı məsələləri müzakirə edilib.
Öz növbəsində, Tacikistan XİN-in məlumatında deyilir ki, nazirlər iki ölkə arasında siyasi, iqtisadi, elmi-texniki və humanitar sahələrdə münasibətlərin vəziyyəti və perspektivlərini müzakirə ediblər, beynəlxalq və regional gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
“XİN başçıları, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələlərini də nəzərdən keçiriblər”, - deyə məlumatda vurğulanır.*
E.Şəfiyev