"Agah Group” MMC“ və Expert Services FZE” MMAZM Ağdam Sənaye Parkının rezidentləri olub. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib.
“Ağdam Sənaye Parkının rezidentlərinin sayı 9-a çatıb”, - Cabbarov rəsmi Facebook səhifəsində yazıb.
“Agah Group” MMC metal məmulatlarının istehsalı müəssisəsi inşa edəcək, “Expert Services FZE” MMAZM (BƏƏ) ağır texnikaya xidmət göstərilməsi ilə yanaşı, həm də istehsal fəaliyyəti ilə məşğul olacaq.
“İnvestisiya dəyəri 9 milyon manatdan çox olan layihələrin reallaşması ilə 60 nəfər daimi işlə təmin ediləcək”, - nazir qeyd edib.
2021-ci il mayın 28-də Prezident İlham Əliyev “Ağdam Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb. Sənaye Parkının ərazisi 190 hektardır, 7 təsərrüfat subyektinə rezidentlik statusu verilib. Rezidentlər tərəfindən ümumi investisiya qoyuluşu 45 milyon manatdan artıq məbləğdə qiymətləndirilir.
Ağdam Sənaye Parkında orta və uzunmüddətli dövrdə müəssisələrin yaradılmasına 100 milyon manat məbləğində investisiya qoyuluşu nəzərdə tutulur.**
R.Əhmədov