Mayın 16-dan etibarən SOCAR şirkətinin “Azərikimya” İstehsalat Bilriyi profilaktik və təmir işlərindən sonra “Etilen-Polietilen” zavodunun fəaliyyətini bərpa edəcək. Bu barədə zavodun direktoru Oqtay Niftəliyev məlumat verib.
“Zavod aprelin 4-dən Heydər Əliyev adına BNEZ ilə eyni zamanda yenidənqurma və modernizasiya işlərinin aparılması üçün planlı təmirə dayandırılıb. Mayın 16-dan, bazar ertəsindən etiarən “Etilen-Polietilen” zavodunun fəaliyyətini bərpa edir. Həyata keçirilən təmir işləri iki il ərzində zavodun fasiləsiz fəaliyyətini uzatmağa imkan yaradacaq”, - Niftəliyev cümə günü jurnalistlərə bildirib.
O əlavə edib ki, H.Əliyev adına BNEZ “Etilen-Polietilen” zavoduna xammal tədarükçüsü olduğuna görə, bu zavod da fəaliyyətini parktiki olaraq eyni vaxtda bərpa etməlidir.
“Lakin bizim bir qədər xammal ehtiyatımız var (nafta), buna görə BNEZ-in bir-iki gün gec fəaliyyət başlaması heç bir problem törətməyəcək”, - Niftəliyev bildirib.
Həmçinin, o məlumat verib ki, “Etilen-Polietilen” zavodunun istifadəyə verilməsi ilə paralel olaraq “SOCAR Polymer”in aşağı təzyiqli polietilen və polipropilen istehsalı zavodlarının fəaliyyəti bərpa ediləcək.
“Bu iki zavod xammalı bizdən alır, bu səbəbdən “Etilen-Polietilen” zavodunun dayanması ilə onların da fəaliyyətini dayandırmağa məcbur olduq”, - Niftəliyev qeyd edib. **
N.Abbasova