SOCAR şirkətinin “Azərikimya” İstehsalat Birliyi 2023-cü ilin birinci rübündə “Etilen-Polietilen” zavodunun modernləşdirilməsini tam sona çatdırmağı planlaşdırır. Bu barədə zavodun direktoru Oqtay Niftəliyev məlumat verib.
“2016-cı ildən etibarən zavodda modernləşdirilmə işləri aparılır və 2021-ci ildə bu işlərin əsas mərhələsi başa çatıb. Bəzi yeni texnoloi qurğular, yeni sobalar, xammalın saxlanılması üçün çənlər və anbarlar inşa edilib. 2023-cü ilin birinci rübündə zavodun modernləşdirilməsi müəssisənin 100%-lik avtomatlaşdırılması ilə tam başa çatacaq”, - Niftəliyev cümə günü jurnalistlərə bildirib.
O, həmçinin məlumat verib ki, yeni yüksək gərginlik yarımstansiyanın tikintisi və suyun mpvcud soyutma sisteminin genişləndirilməsi layihələri son mərhələdədir. “Bu obyektlərin cari ilin ikinci rübündə istifadəyə verilməsinəzərdə tutulur”, - Niftəliyev bildirib.
Həmçinin, direktor qeyd edib ki, 2022-ci ilin 3-cü rübündə əlavə buxar turbogeneratoru istifadəyə vermək planlaşdırılır, bu da müəssisədə elektrik enerjisi istehsalını 2 dəfə artırmağa imkan verəcək. “Bu layihə üzrə irəliləyiş 98% təşkil edir. Onun reallaşdırılması zavodda Buxar generator kompleksinin layihə gücünü 32 MVt/saat-dan 65 MVt/saatadək artırmağa və özünü tam elektrik enerjisi ilə təmin etməyə imkan verəcək. Hazırda zavodun 18MVt/saat səviyyəsində elektrik enerjisinə tələbat Sumqayıt elektrik şəbəkəsi hesabına təmin edilir”, - Niftəliyev bildirib.
Zavodun yeni texnika və modernləşməsi üzrə baş mühəndisin müavini Samir Səlimli məlumat verib ki, modernizasiyadan öncə etilen istehsalı zavodunun gücü illik 100-110 min ton, propilen istehsalı – 60-65 min ton təşkil edib. “Modernizasiyadan sonra zavodun bir neçə məhsul üzrə gücləri 2 dəfə, digərləri üzrə - 3 dəfə artıb. Propilen istehsalı üzrə illik 187 min tona, etilen istehsalı üzrə - 190 min tona çatıb. Lakin, bu günlərdə etilen istehsalının illik 210 min tonadək artırılması ilə bağlı avadanlıqların sınağına başlayacağıq”, - Səlimli deyib.
O qeyd edib ki, sınaq nəticələri etilen istehsalının qeyd edilən həcmə qədər artırılması üçün avadanlığın əvəzlənməsinə zərurətin və problemlərin olub-olmadığnı göstərəcək. **
N.Abbasova