2022-ci ilin aprel ayında Azərbaycanda inflyasiya cari ilin mart ayında qeydə alınmış 1,1% səviyyəsində inflyasiyaya qarşı 1% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Aprel ayında respublikada inflyasiya 1% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,7%, qeyri-ərzaq mallarının qiymətləri 0,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,4% bahalaşıb”, - Komitədən bildirilir.
2021-ci ilin aprel ayı ilə müqayisədə 2022-ci ilin müvafiq dövründə inflyasiya 13% təşkil edib.
Statistik məlumatlara görə, apreldə ət və ət məhsulları 0,7%, çörək və çörək məmulatları 1,1%, meyvələr 2,4%, tərəvəzlər 6,9%, spirtli içkilər 0,4%, süd məhsulları 0,8%, balıq məhsulları 0,1%, mineral sular və sərinləşdirici içkilər 1,6% bahalaşıb.
Hesabat ayında yumurta 7,7% ucuzlaşıb.
Aprel ayının sonuna Azərbaycanda orta illik inflyasiya 12,4% (2022-ci ilin mart ayının sonuna 12,2%) təşkil edib. Ərzaq məhsulları üzrə orta illik inflyasiya 17,4% (həmçinin ərzaq malları üzrə - 17,9%), qeyri-ərzaq malları üzrə 6,4%, xidmətlər üzrə 10,2% səviyyəsində olub.
2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil edib.
İqtisadiyyat Nazirliyi 2022-ci ildə Azərbaycanda orta illik inflyasiyanı 4% səviyyəsində proqnozlaşdırır. Mərkəzi Bankın qiymətləndirmələrinə görə, 2022-ci ildə orta illik inflyasiya 6,6%-7,1% təşkil edəcək.**
A.Əzizov