Azərbaycan Xarici İşlər Nazirliyi ilə Uruqvay Xarici İşlər Nazirliyi arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.
“İnterfaks-Azərbaycan” agentliyi Azərbaycan XİN-ə istinadən məlumat verir ki, məsləhətləşmələr Montivideo şəhərində keçirilib.
Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Uruqvay tərəfindən isə bu ölkənin xarici işlər nazirinin müavini Karolina Açe Batye rəhbərlik ediblər.
“Siyasi məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, habelə siyasi, iqtisadi, kənd təsərrüfatı, nəqliyyat, enerji və humanitar sahələrdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi müzakirə edilib”, - XİN-in məlumatında qeyd olunur.
Məmmədov və Batye, həmçinin regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivlərinin inkişafına dair fikir mübadiləsi aparıblar.
O cümlədən, Məmmədov Uruqvay Parlamentinin Nümayəndələr Palatasının xarici əlaqələr komissiyasının Uruqvay - Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşüb.
Görüş zamanı parlamentlərarası münasibətlərin genişləndirilməsi, ikitərəfli əməkdaşlığın inkişafı, Cənubi Qafqaz regionunda gedən proseslər və digər qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. **