Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfirliyində olub, görkəmli dövlət xadimi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar başsağlığı verib. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilib.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyan uzunsürən xəstəlikdən sonra mayın 13-də 73 yaşında vəfat edib.
Prezident İlham Əliyev bununla əlaqədar mayın 13-də BƏƏ-nin vitse-prezidenti, baş naziri və Dubay Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma və Əbu-Dabi Əmirliyinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana başsağlığı verib.*
E.Şəfiyev