2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda 403 yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2022-ci ilin yanvar-mart aylarında 403 və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,2% çox yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,3% artaraq 556 nəfər olub. Onlardan 183-ü (artım 46,4%) həlak olub, 373-ü (artım 0,8%) isə yaralanıb.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76%-ni, yaralananların isə 68,9%-ni kişilər təşkil edib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 3 hadisə baş verib, nəticədə 1 nəfər həlak olub, 4 nəfər yaralanıb. Bu hadisələrin 2-si minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
“Bütün yol-nəqliyyat hadisələrinin 46,4%-i nəqliyyat vasitələrinin və piyadaların, 32,8%-i bir neçə nəqliyyat vasitəsinin, 20,8%-i bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib”, - deyə məlumatda qeyd olunur.
Hadisələrin 48,9%-i gündüz, 35%-i gecə, 16,1%-i isə toran vaxtı baş verib, 29%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.*
E.Şəfiyev