Belarusun baş naziri Roman Qolovçenko mayın 18-də Azərbaycana işgüzar səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi BELTA agentliyinə istinadən xəbər verir.
“Baş nazir ikigünlük səfəri çərçivəsində Azərbaycan rəhbərliyi ilə görüşəcək, Gəncə Avtomobil Zavoduna, “Caspian Agro” və “Interfood” beynəlxalq sərgilərinə, eləcə də “İqlim” Elmi-İstehsalat Müəssisəsinə baş çəkəcək”, - deyə məlumatda qeyd olunur.
R.Qolovçenko qarşıdakı səfəri şərh edərək bildirib ki, Bakı ilə əmtəə dövriyyəsinin artırılması imkanlarını müzakirə edəcək. “Səfərin istiqaməti konkret və praktikdir. Əgər hansısa istiqamət Azərbaycan tərəfini maraqlandırmırsa, onların başqa dövlətlərdən daha sərfəli təklifləri var, deməli, biz yenilərini tapmalıyıq. Əmtəə dövriyyəsini artırmaq üçün imkanlar tapmalıyıq”, - deyə o vurğulayıb.
Bundan əlavə, səfər çərçivəsində Belarus və Azərbaycanın işgüzar dairələrinin biznes görüşü planlaşdırılır.*
E.Şəfiyev