Prezident İlham Əliyev “AzerGold” QSC-nin Müşahidə Şurasının tərkibini yeniləyib.
Dövlət başçısının saytında dərc olunmuş sərəncama əsasən, Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev Müşahidə Şurasının sədri təyin olunub.
Müşahidə Şurasının üzvləri İqtisadiyyat Nazirliyi Aparatının Sənaye şöbəsinin müdiri Səməd Bəşirli, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov, Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri Vüqar Məcidli, Azərbaycan İnvestisiya Holdinqinin Aktivlərin idarə olunması departamentinin Hasilat sənayesi və energetika şöbəsinin müdiri Rəşad İsmayılovdur.
Prezident İlham Əliyev 2021-ci ilin fevral ayında “AzerGold” QSC-nin Müşahidə Şurasının tərkibini təsdiq edib. Sərəncama əsasən, Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini, Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin üzvü Rövşən Nəcəfdir.
Rövşən Nəcəf 2022-ci ilin fevral ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib. Bundan başqa, Dövlət Neft Şirkətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Rövşən Nəcəfə həvalə edilib
Qurbanov və Məcidli “AzerGold” QSC-nin Müşahidə Şurasının yeni tərkibində mövqelərini qoruyub saxlayıblar.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.*
R.Əhmədov