Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-aprel aylarında 27,4 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,7% çox sənaye məhsulu istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektorunda məhsul istehsalı 0,3%, qeyri neft-qaz sektorunda isə 15,1% artıb.
Sənaye məhsulunun 74,5%-i mədənçıxarma sektorunda, 21,1%-i emal sektorunda, 3,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 4,4 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,5 dəfə, əczaçılıq məhsullarının istehsalı 2 dəfə, tikinti materiallarının istehsalı 72,3%, elektrik avadanlıqlarının istehsalı 60,8%, mebel istehsalı 58,4%, geyim istehsalı 55,4%, kimya sənayesi məhsullarının istehsalı 52,2%, hazır metal məmulatlarının istehsalı 34,3%, maşın və avadanlıqların istehsalı 30,8%, poliqrafiya məhsullarının istehsalı 30,3%, metallurgiya sənayesi məhsullarının istehsalı 27,9%, kağız və karton istehsalı 26,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı 20%, qida məhsullarının istehsalı 8,5%, ağacın emalı və ağacdan məmulatların istehsalı 5,8% artıb, neft məhsullarının istehsalı 7,2%, toxuculuq sənayesi məhsullarının istehsalı 11,2%, tütün məmulatlarının istehsalı 11,8%, kompüter, elektron və optik məhsulların istehsalı 12,3%, içkilərin istehsalı 14,3%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 24,2%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 26,1% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,7%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 10,1% artıb.
2021-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 5,2% artıb.*
X.Nəsirzadə