2022-ci ildə Azərbaycan və Aİ arasında ticarət dövriyyəsinin həcmi rekord səviyyədə olacaq. Bu barədə Azəraycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib.
“Avropa İttifaqı Azərbaycanın ən vacib iqtisadi və ticari tərəfdaşıdır. Bu il Aİ ilə ticarət dövriyyəsi 2021-ci ilin göstəricisini üstələyəcək və rekord səviyyədə olacaq”, - Cabbarov çərşənbə axşamı Azərbaycan-Aİ biznes forumunda bildirib.
Həmçinin, nazir qeyd edib ki, son 10 il ərzində Aİ-nin Azərbaycan iqtisadiyyatına birbaşa sərmayələri 20 milyard avro təşkil edib.
“Bu gün Azərbaycanda Aİ-nin təxminən 700 şirkəti fəaliyyət göstərir”, - nazir bildirib.
Xəbər verildiyi kimi, 2021-ci il ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi $33 milyard 912 milyon 457,8 min təşkil edib (2020-ci illə müqayisədə artım 38,6% - İF). Həmçinin, xarici ticarətinin müsbət saldosu $10 milyard 500 milyon 884,43 min təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 3,5 dəfə çoxdur.
Öncə Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko bəyan edib ki, 2021-ci ildə Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsi 15,4 milyard avro təşkil edib. **
B.Rüstəmbəyov