“Azərbaycan Hava Yolları” QSC (AZAL) COVID-19 pandemiyası ilə əlaqədar itkilərin minimuma endirilməsi üçün göstərilən maliyyə dəstəyi çərçivəsində 2021-ci ildə hökumətdən 58,39 milyon manat alıb.
“İnterfaks-Azərbaycan” agentliyi AZAL-ın 2020-ci il üzrə maliyyə hesabatına istinadən xəbər verir ki, aviaşirkət COVID-19 pandemiyası ilə əlaqədar qeyd olunan dövrdə uçuşları əhəmiyyətli dərəcədə azaldıb, daşımaları 2021-ci ildə qismən bərpa edib.
“2021-ci ilin 10 ayı ərzində Cəmiyyət dövlətdən 58,39 milyon manat (41 milyon manat və 17,39 milyon manat) məbləğində maliyyə yardımı alıb. Bundan əlavə, Maliyyə Nazirliyi AZAL-ın cəlb etdiyi kredit və icarə ödənişlərinə 25,407 milyon manat yönəldib”, - deyə hesabatda vurğulanır.
Uçuşların qismən bərpa edilməsi nəticəsində 2021-ci ilin 10 ayı ərzində AZAL-ın gəlirləri (auditi aparılmamış) 383,215 milyon manat təşkil edib.*
R.Əhmədov