2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 1 milyard 685,2 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 3,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə 1 milyard 540 milyon manat məbləğində heyvandarlıq, 145,2 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 2,8%, bitkiçilik məhsullarının istehsal həcmi 14,8% artıb.
Yanvar-aprel aylarında respublikada 181,6 min ton ət (artım 3%), 685 min ton süd (artım 1,9%), 643,1 milyon ədəd yumurta (artım 2,9%) və 2,2 min ton yun (artım 2,3%) istehsal edilib.
Hazırda ölkədə yazlıq bitkilərin əkini davam edir.
Mayın 1-nə olan vəziyyətə görə, 306,1 min hektar sahədə (azalma 1,3%) yazlıq bitkilər, o cümlədən 47,1 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 20,1 min hektarı dən üçün qarğıdalı), 49,4 min hektar sahədə kartof, 46,6 min hektar sahədə tərəvəz, 13,9 min hektar sahədə bostan bitkiləri, 91,3 min hektar sahədə pambıq, 7,9 min hektar sahədə dən üçün günəbaxan, 4,2 min hektar sahədə şəkər çuğunduru, 0,8 min hektar sahədə tütün, 43,9 min hektar sahədə çoxillik otlar, 0,8 min hektar sahədə birillik otlar və 0,2 min hektar sahədə digər yazlıq bitkilər əkilib.
Yanvar-aprel aylarında 127,5 min ton tərəvəz istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 17,1% çoxdur.
2021-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 3,4% artıb.*
X.Nəsirzadə