2022-ci ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin sayı 10 min 812 nəfər və ya 0,1% artaraq 2022-ci il aprelin 1-nə 10 milyon 167,178 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 52,9%-i şəhər, 47,1%-i isə kənd sakinləridir. Əhalinin 50%-ni kişilər, 50%-ni qadınlar təşkil edir.
Yanvar-mart aylarında ölkə üzrə 29 min 179 doğulan körpə qeydə alınıb ki, bu da bir il əvvəllə müqayisədə 1% azdır və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,8 təşkil edib. Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 53,1%, qızların xüsusi çəkisi isə 46,9% olub. Körpələrdən 902-si əkiz, 42-si üçəm doğulub.
Bu dövrdə 18 min 723 ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 7,6 təşkil edib. 2021-ci ilin yanvar-mart aylarında bu göstərici 7,7 olub.
Cari ilin yanvar-mart aylarında ölkədə qeydiyyat şöbələri tərəfindən 14,606 min nikah (2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə artım 41,3%) və 3,618 min boşanma halı (azalma 2,3%) qeydə alınıb.
I rübdə Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 568 nəfər gələn və 212 nəfər ölkədən gedən qeydə alınıb.*
X.Nəsirzadə