Azərbaycanda səfərdə olan Litva Prezidenti Gitanas Nauseda mayın 18-də Azərbaycan Prezidenti İlham Əliyevlə Cənubi Qafqazda təhlükəsizliklə bağlı vəziyyəti, iqtisadiyyat, energetika və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlığı müzakirə edib.
“İnterfaks-Azərbaycan” agentliyi Litva Prezidentinin administrasiyasına istinadən xəbər verir ki, dövlət başçıları Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında əməkdaşlığı da müzakirə ediblər.
G.Nauseda Bakının Cənubi Qafqazda Litvanın mühüm tərəfdaşı olduğunu və sülh, sabitlik və iqtisadi inkişafın region ölkələrinin, Litvanın və bütövlükdə Aİ-nin ümumi maraqlarına cavab verdiyini vurğulayıb.
O, Litvanın Aİ ilə Azərbaycan arasında bütün mövcud imkanlardan istifadə olunmaqla daha fəal əməkdaşlığın tərəfdarı olduğunu bildirib. Bundan başqa, Aİ-Azərbaycan strateji tərəfdaşlığı Rusiyanın Ukraynada apardığı müharibə nəzərə alınmaqla xüsusilə vacibdir.
“Ukraynada müharibə Avropa ölkələrini öz enerji mənbələrini şaxələndirmək üçün imkanlar axtarmağa sövq edib. Biz Azərbaycanı enerji sahəsində etibarlı tərəfdaş hesab edirik, buna görə də əməkdaşlığın fəallaşmasında maraqlıyıq. Litva Azərbaycana bərpaolunan enerji, xüsusilə də günəş enerjisi sahəsində həllər təklif edə bilər”, - deyə Nauseda bildirib.
O, nəqliyyat sahəsində əməkdaşlığa da toxunaraq Litvanın yaxşı inkişaf etmiş infrastruktura malik Aİ ölkəsi olduğunu qeyd edib.
Görüşdə Nauseda Litvanın Asiyadan Avropaya mövcud marşrutlara sərfəli alternativ kimi unikal imkan təqdim edən Transxəzər dəmiryol dəhlizinin inkişafı üçün Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin potensialının öyrənilməsində maraqlı olduğunu diqqətə çatdırıb.*
İnformasiya şöbəsi