Britaniyanın “Anglo Asian Mining” şirkəti (AAM - Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator) 2022-ci ilin IV rübündə iki yeni qızıl sahəsində hasilata başlamağı planlaşdırır.
“Biz 2022-ci ilin mart ayında “Qoşa” mədəninin cənubunda “Həsən” subşaquli qızıl mənbəyinin kəşf edildiyini elan etmişdik. Burada 1 ton filizdə qızılın miqdarı 229,5 qrama qədər qiymətləndirilir. Hazırda biz “Həsən” qızıl mənbəyinin potensialını qiymətləndirir və hasilat planını işləyib hazırlayırıq. Hasilata bu ilin dördüncü rübünün əvvəlində başlamağı planlaşdırırıq”, - deyə şirkətin məlumatında bildirilir.
Bundan başqa, AAM 2022-ci ilin dördüncü rübünün əvvəlində Zəngilan rayonunda “Vejnəli” qızıl yatağından hasilata başlamaq niyyətindədir.
““Vejnəli” yatağına giriş icazəsi 2021-ci ilin sonunda əldə edilib və hazırda yataq istismar üçün təhlükəsizdir. Biz kiçik emal zavodundan ibarət mövcud infrastruktur üzərində mülkiyyət hüququ əldə etmişik. Hazırda AAM komandası Vejnəlidədir və 2022-ci ilin dördüncü rübünün əvvəlində hasilata başlamaq üçün fəaliyyətimiz intensivləşir”, - deyə məlumatda qeyd olunur.
Əmirxanlı kəndi və Ağbənd qəsəbəsi yaxınlığında yerləşən “Vejnəli” müqavilə sahəsi təxminən 300 kvadrat kilometr təşkil edir. Sovet təsnifatına görə, yatağın ehtiyatları 6,5 ton qızıl (C1 + C2), 2,3 ton qızıl (P1) və 3 min ton mis təşkil edir.
Azərbaycan hökuməti və “Anglo Asian Mining PLC” şirkəti arasında Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl və 2,5 min ton gümüş hasilatı planlaşdırılır.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir.*
N.Abbasova