Prezident İlham Əliyev bəyan edib ki, Ermənistan sərhədlərin delimitasiyası ilə bağlı görüşlərin keçirilməsindən iki dəfə imtina edib.
“Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Bu, erməni tərəfi ilə razılaşdırılmışdır. Yeri gəlmişkən, sərhədlə bağlı ilk görüşün keçirilməsini təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olmuşdur. Azərbaycan həmin təklifi qəbul etmişdir və biz nümayəndə heyətini göndərməyə hazır idik. Lakin, sonuncu gün - aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir. Daha məyusedici isə, yenə də Ermənistanın ilkin təklifindən irəli gələrək, 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifimizdən də Ermənistanın imtina etməsi oldu. Beləliklə, indiyədək, biz Ermənistandan hər hansı yeni tarixləri gözləyirik ki, işə başlayaq. Çünki bu cür məsuliyyətsiz mövqe, əlbəttə ki, narahatlıq doğurur”, - deyə dövlət başçısı mayın 18-də Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə danışıqlardan sonra bildirib.
O vurğulayıb ki, Azərbaycan hər zaman öhdəliklərə sadiq olub və eyni məsuliyyəti Ermənistan tərəfindən də gözləyir.
“Bizdə müəyyən nikbinlik olsa belə, Ermənistan hökumətinin bu cür manevrləri və çox qəribə addımları, əslində, yaranan müəyyən etimadı pozur”, - deyə İ.Əliyev vurğulayıb.*
R.Kərimov