Litva prezidenti Gitanas Nauseda bəyan edib ki, Ukraynada baş verən hadisələri nəzərə alaraq, Avropa İttifaqı (Aİ) öz enerji resurslarını şaxələndirmək və Rusiyadan yanacaq asılılığına son qoymaq istəyir.
“Ukraynadakı müharibə öz enerji resursları mənbələrini şaxələndirmək üçün Avropaya bir xəbərdarlıq idi. Avropa İttifaqı öz enerji resursları mənbələrinin şaxələndirilməsini və özünün yanacaq məhsullarında Rusiyadan asılılığına son qoymaq istəyir”, - Nauseda çərşənbə günü Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə danışıqların yekunlarına dair mətbuata bəyanatlarla çıxışında bildirib.
Dövlət başçısı qeyd edib ki, Avropa İttifaqında enerji ixrac edən alternativ ölkələrlə, o cümlədən təbii qaz sahəsində Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə böyük maraq var. “Azərbaycan enerji sektorunda Avropa İttifaqının etibarlı tərəfdaşıdır”, - Nauseda vurğulayıb.
Ukrayna ətrafında vəziyyət barədə söz açan Litva prezidenti bəyan edib ki, “biz Avropa və onun təhlükəsizlik arxitekturası üçün önəmli dönəmdəyik”.
“Biz indi danışdığımız zaman Ukrayna öz suverenliyini və ərazi bütövlüyünü müdafiə edir. O, həmçinin qaydalara əsaslanan beynəlxalq nizamı müdafiə edir.
İndi bütün mövcud praktiki vasitələrlə Ukraynanı dəstəkləmək vacibdir”, - Nauseda belə hesab edir.
O qeyd edib ki, Litva Avropa İttifaqı ilə Azərbaycan arasında daha fəal əməkdaşlığın tərəfdarıdır. “Azərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı platforması kontekstində çox önəmli ölkədir və strateji enerji tərəfdaşıdır. Biz Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə irəliləyişi dəstəkləməkdə davam edirik”, - Nauseda bəyan edib. **
R.Kərimov