2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 67 milyon 263,6 min ton yük daşınıb ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 7,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının strukturunda 77,5% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 22,5% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, yanvar-aprel aylarında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5% artıb.
Hesabat dövründə dəmir yolu ilə 5 milyon 411,7 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 10,5% çoxdur.
Dəniz nəqliyyatı ilə 2 milyon 68,3 min ton (azalma 3,7%), avtomobil nəqliyyatı ilə 37 milyon 968 min ton (artım 9,8%), hava nəqliyyatı ilə 179,9 min ton (artım 28,7%) müxtəlif yük daşınıb. Yanvar-aprel aylarında daxili neft kəmərləri vasitəsilə 11 milyon 611,1 min ton neft (azalma 2,5%) nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.**
B.Rüstəmbəyov