2022-ci ilin sonunda Litvada Azərbaycanın biznes missiyasını gözləyirlər. Bu barədə “İnterfaks-Azərbaycan”a diplomatik mənbə məlumat verib.
“Litvada əmindirlər ki, Azərbaycanla iqtisadi əməkdaşlığın genişlənməsi üçün böyük potensial var. Buna görə, Litvada bazarın imkanlarının öyrənilməsi və ikitərəfli ticarət həcminin artırılmasında maraqlıdırlar. Bununla əlaqədar, cari ilin sonunda Litvada Azərbaycanın biznes missiyasını gözləyirlər”, - mənbə qeyd edib.
Xəbər verildiyi kimi, dünən Bakıda Azərbaycan-Litva biznes forumu keçirilib. Forumda Azərbaycan və Litva prezidentləri iştirak ediblər.
Forumun yekunlarına dair bir sıra sənədlərin imzalanması mərasimi olub: “Beynəlxalq yol nəqliyyatı Sazişi”, “Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Litva Respublikasının Ticarət, Sənaye və Sənətkarlıq Palataları Assosiasiyası arasında Əməkdaşlıq Sazişi”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Litva Respublikasının Ticarət, Sənaye və Sənətkarlıq Palataları Assosiasiyası arasında Əməkdaşlıq Memorandumu”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO ilə Litva İnnovasiya Agentliyi arasında Əməkdaşlıq Memorandumu”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO ilə Litva Respublikası Sənayeçilər Konfederasiyası arasında Əməkdaşlıq Memorandumu”, “Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Litva Respublikası Sənayeçilər Konfederasiyası arasında Əməkdaşlıq Müqaviləsi». **
R.Əhmədov