Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüşdə Əliyev bildirib ki, ermənilər tərəfindən işğal dövründə ərazilərimizdə (Qarabağ və Şərqi Zəngəzur- İF) kənd təsərrüfatı ilə bağlı hər şey dağıdılıb.
Prezident azad olunmuş torpaqlarda kənd təsərrüfatı ilə də bağlı genişmiqyaslı işlərin planlaşdırıldığını bildirdi.
“Bu baxımdan, dövlət başçısı Qarabağ və Şərqi Zəngəzurda Türkiyə ilə kənd təsərrüfatı sahəsində sıx əməkdaşlıq və birgə fəaliyyətin həyata keçirildiyini məmnunluqla vurğuladı”, - məlumatda qeyd olunur.
Söhbət zamanı Bakıda keçirilən “Caspian Agro 2022” - Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin əhəmiyyəti və Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin başçılığı ilə nümayəndə heyətinin bu sərgidə iştirakının önəmi qeyd edildi, Türkiyə şirkətlərinin sərgidə geniş təmsil olunduqları bildirildi.
“Tərəflər Kirişçinin Azərbaycana səfərinin ikitərəfli əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə etdilər”, - məlumatda vurğulanır. **
E.Şəfiyev