Azərbaycan prezidenti İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, Mərkəz publik hüquqi şəxs kimi yaradılır.
Mərkəzin Nizamnamə Fondu 100 min manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.
Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 üzvdən ibarət (sədr və 4 üzv) Müşahidə Şurası yaradılır.
Mərkəzin fəaliyyətinə cari rəhbərliyi Mərkəzin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir. Mərkəzin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir.
Mərkəzin tabeliyindəki İnstitut Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutunun hüquqi varisidir, onun əmlakı, hüquq və öhdəlikləri İnstituta keçir.
Fərmana əsasən, Azərbaycan prezidenti Müşahidə Şurasının sədrinin və 3 üzvünü vəzifəyə təyin və vəzifədən azad edir, idarəetmə orqanları yaradır, Mərkəzi ləğvi və yenidən təşkil edir.
Fərmanın tam mətni və Nizamnaməsi cümə axşamı dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov