Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Gəncə Memorial Kompleksinin konsepsiyasının hazırlanmasına “Chapman Taylor LLP” şirkətini cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən məlumat verib ki, “Chapman Taylor” ilə 440 min 428,45 manat məbləğində müvafiq müqavilə imzalanıb.
Prezident İlham Əliyev yanvarın 30-da Gəncə Memorial Kompleksinin təməlini qoyub.
Kompleks 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumları nəticəsində həlak olan Gəncənin dinc sakiinlərinin xatirəsinə inşa olunacaq.
Gəncə şəhəri 2020-ci ilin oktyabr ayında Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif təyinatlı “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket qurğularından endirilən zərbələrə məruz qalıb. Nəticədə 6-sı uşaq olmaqla, 26 mülki şəxs həlak olub, 31-i uşaq olmaqla, 142 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. **
E.Şəfiyev